"Bu addım Rusiya Federasiyası ilə Azərbaycan arasında müqavilənin mətninə və ruhuna ziddir".
İnsider.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai, bir neçə gün öncə RF Dövlət Dumasının deputatı K.F.Zatulinin Qarabağdakı separatçıları “Respublika Günü” münasibətilə təbrikini şərh edərkən bildirib.
"Cənab Zatulin, RF Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, hökumətin siyasətini dəstəkləyən partiya olan ‘Vahid Rusiya’ partiyasının üzvüdür. Cənab Zatulin bu il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış sənədin mətni ilə tanışdır. Bu sənəd, ilk növbədə, onu göstərir ki, Rusiya və Azərbaycan üçüncü qüvvələrin bütün istək və intriqalarına baxmayaraq, bir-biri üçün etibarlı, proqnozlaşdırıla bilən qonşular və tərəfdaşlar olaraq qalırlar. Sənəddə açıq göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan bir-birinin ərazilərində separatizmə qarşı mübarizə aparacaqlarına və bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcəklərinə razılaşıblar.
Bu gün Rusiyanın dünyanın bir sıra iri dövlətləri ilə qarşıdurmada olduğu bir şəraitdə cənab Zatulin Qarabağdakı separatçıları “Respublika Günü” münasibətilə təbrik edir. Bu addım Rusiya Federasiyası ilə Azərbaycan arasında müqavilənin mətninə və ruhuna ziddir. O, həm də cənab Zatulinin vətənpərvərliyini, peşəkarlığını və həqiqi niyyətini şübhə altına alır.
Yuxarıda deyilənlər çərçivəsində və yuxarıda deyilənlərə uyğun olaraq, Rusiyanın məsul siyasi xadimləri, istər Dövlət Dumasının rəhbərliyi olsun, istərsə də Zatulinin partiyasının rəhbərləri olsun, ona qarşı müvafiq tədbirlər görməlidir. Belə olduğu təqdirdə biz Azərbaycanda Rusiya Federasiyasının ölkəmiz qarşısında öhdəliklərinə ciddi yanaşdığına əmin ola bilərik.
Qədim romalıların dediyi kimi: pacta sunt servanda - Müqavilələrə hörmət edilməlidir".