NASA Saturnun peyki olan Titanın tədqiqatı üçün “Dragonfly” (“Cırcırama) kosmik aparatını göndərəcək. İnsider.az bunu qurumun mətbuat xidmətinə istinadla xəbər verir.
NASA-nın direktoru Ceyms Braydenstaynın sözlərinə görə, “Dragonfly” Titanın sıx atmosferində 100 mildən (160 km) çox məsafəni qət etməyə qadir ilk pilotsuz eniş modulu olacaq.
Kosmik qurumun qeyd etdiyinə görə, “Dragonfly” aparatı 2026-cı ildə işə düşəcək və Titana 2034-cü ildə çatacaq.
Qeyd edilir ki, Saturnun peyki daha çox erkən Yerə bənzəyir və onun təhlili planetimizdəki həyatın necə yarandığını öyrənməyə kömək edə bilər.
“Dragonfly” Titandakı orqanik maddələri təhlil etməyə, yaşam üçün yararlılığı qiymətləndirməyə və keçmişdə və ya indiki zamanda orada həyatın mövcudluğunu təsdiq edən kimyəvi markerlərin axtarışı ilə məşğul olmağa imkan yaradacaq alətlərlə təchiz olunub.
Xatırladaq ki, Titan Saturnun ən iri peykidir və onun ölçüləri Merkuri planetini ötüb keçir.
Samirə Məmmədova