naxcivan-gomruk-komitesi-legv-edildi

Naxçıvan Gömrük Komitəsi ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bundan sonra ləğv edilən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarını Naxçıvan Baş Gömrük İdarəsi həyata keçirəcək.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana görə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 

XXX

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" üzrə

1.1.1. 5.1-ci bənddən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılsın;

1.1.2. 5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi;”.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il