nazirler-parlamente-toplasacaq

Nazirlər parlamentə toplaşacaq

Milli Məclisdə dövlətin iqtisadi və maliyyə sahəsində məsul olan mərkəzi icra hakimiyyəti orqanları daha bir hesabatla çıxış edə bilər.

İnsider.az xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin yaxın zamanlarda parlamentdə müzakirə olunması gözlənilir.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün may ayının 15-dən gec olmayaraq, Milli Məclisə təqdim edilir.

Bu barədə “Büdcə sistemi haqqında” qanunda yazılıb.

Hesabatda bütün dövlət borcları ilə bağlı məlumatlar yazılır. Sənəddə dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri, məqsədli büdcə fondlarının, yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatlar da əks olunur.

Hələlik qanun layihəsi Milli Məclisə daxil olmayıb. Onu da bildirək ki, parlamentin iclasında büdcənin icrası barədə sənədi bir qayda olaraq maliyyə naziri təqdim edir.

İclasda iqtisadi sahə ilə bağlı digər nazirliklərin rəhbərlikləri də iştirak edir.

Oxu.Az