Ermənistan nümayəndə heyəti üzvünün dediyi “müharibə əsirləri” deyil. Bu şəxslər imzalanmış üçtərəfli atəşkəs razılığından sonra Azərbaycan torpaqlarına soxulmuş və orada terror aktları törətməyə çalışan diversant və terrorçulardır. Onlar ölkəmizin müvafiq qanunu ilə mühakimə olunacaqlar.
Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında Ermənistan nümayəndə heyəti üzvünün növbəti təxribat xarakterli çıxışına cavab verərək söyləyib.
Azərbaycanlı deputat 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkündən söz açaraq, onların da öz doğma yurdlarına qayıtmasının vacibliyini vurğulayıb. Ancaq Ermənistan 30 illik işğal dövründə Qarabağdakı bütün şəhər, qəsəbə və kəndləri darmadağın etdiyindən, yandırdığından məcburi köçkünlər evlərinə qayıda bilmirlər.
“Azad edilən ərazilərdə bir dənə də dağıdılmamış bina qalmayıb. Xarici jurnalistlər də gördüklərindən dəhşətə gələrək, Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. Təəssüf ki, Ermənistan nümayəndə heyətinin üzvü hələ də böhtan xarakterli, aqressiv ritorikanı davam etdirir”, - deyə azərbaycanlı deputat erməni deputatın reallığı əks etdirməyən çıxışının əsassız və böhtan olduğunu vurğulayıb.
Qeyd edək ki, artıq havadarlarının da onları əvvəlki kimi dəstəkləmədiyini görən və bundan daha da qıcıqlanan erməni deputatlar qış sessiyası çərçivəsində, hətta müzakirələrə aidiyyəti olmadığı halda da sərsəm fikirlər səsləndirməkdə davam edirlər. İmzalanmış üçtərəfli atəşkəs razılığından sonra saxlanılmış diversant və terrorçuları müharibə əsirləri kimi təqdim etmək cəhdləri iflasa uğrayır və heç kim tərəfindən dəstəklənmir.