Dünən Moskvada Rusiya ilə Azərbaycan arasında birgə sənəd imzalanmışdır.
Sənəd son dərəcə əhəmiyyətlidir və Üçtərəfli Bəyanat və Şuşa Bəyannaməsi ilə birlikdə regionumuzun yeni reallıqlarını, ölkəmizin buradakı rolunu özündə ehtiva edir.
Sənəd elə tərtib olunub ki, tərəflərin digər strateji müttəfiqlik razılaşmaları ilə ziddiyət təşkil etmir. O cümlədən, sənəddə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinə nə birbaşa, nə də dolayısı yolla kölgə salınmır. Bundan əlavə, bəyannaməni kontekstdə nəzərdən keçirsək, bu, üç dövlət arasında daha çox əlaqələndirmə üçün yol açır.
Sənədin digər mühüm xüsusiyyəti Azərbaycanı hərbi-siyasi bloklara, məsələn KTMT-nə (ОДКБ) cəlb etməməsidir. Məlum məsələdir ki, Rusiya KTMT-də liderdir və hətta digər üzvlərin fikirləri nəzərə alınsa belə, onlar regionda əsas hərbi qüvvə kimi onun dominant rolunu qəbul edirlər. Bu mənada Rusiya ilə ikitərəfli təhlükəsizlik sazişlərinin olması, heç şübhəsiz, blokda iştirakdan daha sərfəlidir.
Rusiya ilə belə müqavilələrə ehtiyacın olub-olmamasını soruşa bilərsiniz? Şübhəsiz ki, lazımdır.
Bu gün faktiki olaraq beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquqi təminatlar sistemi dağılmış vəziyyətdədir. Bunu Avropaya da aid etmək olar çünki, missiyası Avropada təhlükəsizliyi təmin etmək olan ATƏT sisteminin yalnız adı qalıb. BMT də öz rolunu səmərəli şəkildə yerinə yetirə bilmir. Bu o deməkdir ki, dövlətlər özləri ikitərəfli və regional razılaşmalarla öz təhlükəsizliklərini təmin etməlidirlər. Sadə dillə desək, hazırda hər kəs öz qeydinə qalmalıdır. Şimalda dünyanın ən böyük ordularından birinə sahib nəhəng bir dövlətin olması və bu dövlətlə təhlükəsizlik müqaviləsinin olmaması bağışlanmaz səhv olardı.
Bu gün Azərbaycan artıq Türkiyə və Rusiya ilə belə razılaşmalar bağlayıb və ötən il İran mətbuatında cüzi təşvişə baxmayaraq, onunla müvafiq razılaşmaya doğru ciddi addımlar atır. Mən əminəm ki, biz İranla da bu formada olmasa da, məqsəd baxımından oxşar razılaşma izmalayacayıq, sadəcə o səbəbdən ki, İran özü buna ehtiyac hiss edəcək. Bütün bunlar Azərbaycanı regional təhlükəsizlik sisteminin yaradılması baxımından bizim regionda ən qabaqcıl ölkəyə çevirir.
Bütün bunların fonunda Ermənistan dövlətinin və hökumətinin baş verən prosesləri dərk etməməsi diqqəti çəkir. Regional və ikitərəfli təhlükəsizlik təminatına hamıdan çox ehtiyacı olan ölkə məhz Ermənistandır. Bu baxımdan, ilk növbədə, Ermənistan üçün belə bir razılaşmanın zəruri olduğu ölkə məhz Azərbaycandır. Azərbaycan öz tərəfindən belə bir razılaşmanın işlənib hazırlanmasına dair hazır olduğunu dəfələrlə bəyan edib. Ölkəmizin məqsədləri də kifayət qədər aydındır - bizə proqnozlaşdırıla bilən region lazımdır ki, iqtisadi inkişaf proqramımızı, infrastrukturun tikintisini və tranzit marşrutlarını risklər olmadan davam etdirə bilək. Azərbaycan Ermənistanla qarşılıqlı faydalı sülh bağlamağa hazırdır. Ermənistanın işğalçı ordusunun Qarabağda və Zəngəzurda tam və biabırçı şəkildə məğlubiyyətə uğramasına və yaxın gələcəkdə erməni hərbi maşınının bərpası üçün heç bir vəsaitin olmamasına baxmayaraq, Azərbaycan öz tərəfindən niyyətini açıq ifadə edib.
Noyabrın 8-də olduğu kimi, danışıqlar masası arxasında yenidən Prezident Əliyev və Putin yer almışdılar. Bəyannamənin mətni Azərbaycanla Rusiya arasında münasibətləri tənzimlədiyi üçün birbaşa Ermənistanı nəzərdə tutmasa da, bu, Ermənistan üçün tarixi şansını növbəti dəfə itirdiyinə dair açıq siqnaldır.
Məlumatlara görə, bəyannamə üzərində iş bir müddətdir ki fəal şəkildə aparılmaqda idi. Lakin onun imzalanma tarixinin seçilməsi, şübhəsiz ki, Rusiya tərəfinin istəyidir. Axı bu gün Rusiya ilə NATO, Rusiya və Ukrayna arasında münasibətlərin genişmiqyaslı kəskinləşməsi müşahidə olunur ki, bu da şübhəsiz proqnozlaşdırması çətin olan nəticələrə gətirib çıxara bilər. Məlum məsələdir ki, Rusiya özünün dostları və tərəfdaşları olduğunu, qonşuları ilə sabit və qarşılıqlı məqbul prinsiplər əsasında proqnozlaşdırıla bilən münasibətlər qurmağa qadir olduğunu nümayiş etdirməlidir.
Bəyannamə, yenə də rəmzi mənaya uyğun şəkildə, hamımızın sülh və firavanlıq arzuladığı Azərbaycana dost dövlət olan Ukraynaya qarşı yönəlməyib. Azərbaycan ilə Ukrayna arasındakı münasibətləri dövlət başçımızın bu yaxınlarda Kiyevə səfəri əyani şəkildə nümayiş etdirir. O, bunu edən ilk beynəlxalq lider olub. Heç bir gizli gündəlik olmadan və açıq şəkildə mehriban qonşuluq və sülh arzusunu nümayişi idi. Yalnız bir müddət keçdikdə, Ərdoğanın Kiyevə səfərindən sonra bir sıra Avropa liderləri Kiyevlə “həmrəylik” nümayiş etdirmək üçün əl uzadıb, boş vədlər veriblər.
Rusiya bu danışıqlar və Bəyannamə çərçivəsində istədiyini almağa müvəffəq oldu. Azərbaycan da öz növbəsində istədiyinə nail oldu. Azərbaycanın seçimi bəlli idi - indi Rusiya ilə toqquşan Qərblə həmrəylik nümayiş etdirmək, ya da bu çəkişməyə qarışmadan və iştirak etmədən Rusiya ilə münasibət qurmaq. Azərbaycan ikincini seçir və bu, düzgün seçimdir.
Qarabağ müharibəsi zamanı Qərb bizə və beynəlxalq hüquqa bariz şəkildə laqeydliyini nümayiş etdirdi. Qərb öz tərəfində olan kiçik dövlətləri münaqişələrə cəlb etməyi xoşlayır, məqbul hesab etdikdə isə onları taleyin ixtiyarına buraxır. Bunun Gürcüstanda şahidi olmuşduq , indi faktiki olaraq Ukrayna da eyni taleyi yaşamaqdadır. Bu gün Rusiya ilə üz-üzə gələn Qərb sabah onunla barışacaq. Amma buna baxmayaraq, biz Qərblə əməkdaşlığı və dialoqu davam etdiririk və bunu Rusiya ilə eyni prinsiplər əsasında aparmalıyıq. Bizim üçün münasibətlərin qurulmasının əsasını müstəqillik və milli maraqlar təşkil edir.
Diplomatiya və beynəlxalq siyasət məhz bu yanaşmalar əsasında fəaliyyət göstərir.
Azərbaycan Prezidenti bu gün beynəlxalq aləmdə ən təcrübəli, ən müdrik siyasətçilərdən biridir. Fəxr hiss ilə deyə bilərəm ki, o, bütün dünya üçün örnəkdir. O, bir daha öz xalqının və dövlətinin uzunmüddətli maraqlarından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ideyasından çıxış edərək müdrik seçim etmişdir. Prezidentin rəhbərliyi altında diplomatik xidmətimiz bu müdrik seçimini milli maraqlarımıza zidd bir bənd belə olmayan birgə bəyannamədə təcəssüm etdirmişdir.
Beynəlxalq siyasət qəddar bir oyundur ki, onun iştirakçıları olan kiçik dövlətlər çox vaxt xoşagəlməz reallıqlara dözməli olurlar. Azərbaycanın bu gün öz milli maraqlarına tam riayət etməklə böyük dövlətlərlə beynəlxalq müqavilələr bağlamaq gücünə və səlahiyyətinə malik olması xalqımızın tarixi nailiyyətidir ki, bir çoxları üçün bu əlçatmaz bir arzudur.
Əldə olunan razılaşmalar son nöqtə deyil. Prezidentin rəhbərliyi altında Azərbaycan öz mühüm və müsbət rolunu oynamaqla bərabər, keşməkeşli dövrümüzdə həyati əhəmiyyət kəsb edən yeni regional təhlükəsizlik sisteminin qurulması yolunu davam etdirəcəkdir.