Rusiyanın keyfiyyət milli monitorinq sistemi olan “Roskaçestvo”-da Rəqəmsal Ekspertiza Mərkəzinin əməkdaşları kibercinayətkarların həqiqətən cihaz sahiblərini izləyə biləcəklərinə görə istifadəçilərə noutbukdakı kamera və mikrofonları şəffaf olmayan yapışqanlı lentlərlə bağlamağı tövsiyə edir.
İnsider.az xəbər verir ki, “Roskaçestvo”-nun bu “rəqəmsal gigiyena” qaydalarını “RBK” resursu təhlil edib. Kamera üçün mütəxəssislər həmçinin xüsusi “pərdə” almağı da məsləhət biliblər.
Qurumdan deyilənə görə, hakerlərə daha çox qurbanlarını izləmək yox, onların danışıqlarını dinləmək maraqlıdır – bu səbəbdən təkcə kameranı deyil, mikrofonu da bloklamaq vacibdir.
Hətta istifadəçi tətbiqlərə cihazların bu hissələrindən məlumat almağa qadağa qoysa belə, ekspertlər vurğulayır ki, bu, onu cinayətkarlardan 100% qorumayacaq. Lakin onlar yenə də proqram quraşdırılması zamanı daha diqqətli olmağı və mümkün qədər mikrofon, fotoqalereya, geolokasiya və kameraya girişə icazə verməməyi tövsiyə edirlər.
“Group-IB”-un Sistem həlləri şöbəsinin rəhbəri Anton Fişman ziyanvericilərin təkcə sənədləri kopyalamağı, düymələrin hansı qaydada sıxılmasını tutmağı və mesajları oxumağı deyil, həmçinin noutbukda mikrofon və ya kameranı aktivləşdirməyi bacardığını təsdiqləyib.
Onun sözlərinə görə, köhnə “WhatsApp” versiyalarındakı xəta üzərindən “Android” və “iOS” platformasında olan smartfonlara hücum edən Pegasus məhz bu prinsiplə çalışır.
Fişman hətta bircə yapışqan örtüklə problemi həll etməyin mümkün olmadığını əlavə edib. Kibercinayətkarın qurbanı olmamaq üçün istifadəçi “rəqəmsal gigiyenanın” digər tələblərinə də riayət etməlidir – məsələn, etibarsız mənbələrdən softu yükləməməlidir.
Samirə Məmmədova