novruz-memmedov-nazirleri-topladi

Novruz Məmmədov nazirləri topladı

İyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İnsider.az xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib: “Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlətimizin başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhali kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq”.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkarlığının və siyasi səriştəsinin dayandığını söyləyib.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş Nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.