“Telegram” messenceri investorlara növbəti iki ay ərzində öz “Gram” kriptovalyutasının ilk partiyasını buraxmağı planlaşdırdığını bildirib. İnsider.az bildirir ki, bu barədə messencerin yaxın zamanda danışıq apardığı üç investora istinadla “The New York Times” qəzeti xəbər yayıb.
Bundan başqa, anonim qalmaq istəyən investorlar qəzetə messencerin həmçinin elektron pulqablarının yaratmaq planlarını da bildiriblər – bu pul qablarından “Telegram”-ın 200-300 milyon istifadəçisi yararlana biləcək. Messencerin dediyinə görə, “Gram” yeni onlayn-valyuta və dünyanın istənilən nöqtəsinə pul göndərmə vasitəsi olacaq.
Nəşrin məlumatına görə, “Telegram” investorlara “Gram”-ı cari ilin oktyabrın 31-ə kimi buraxacağını vəd edib. Ək halda o, investorlara pulu qaytarmalı olacaq. Yekunda messencer öz fərdi kriptovalyutasını hətta bu tarixdən də tez buraxmağı düşünür.
Qeyd edək ki, “Telegram”-ın nümayəndəsi “NYT”-ın bu məlumatları şərh etmək sorğusuna cavab verməyib.
Samirə Məmmədova