ombudsman-erazilerimizdeki-qeyri-qanuni-istismarin-region-ucun-tehluke-oldugunu-dunya-bilmelidir

Ombudsman: “Ərazilərimizdəki qeyri-qanuni istismarın region üçün təhlükə olduğunu dünya bilməlidir”

“Ərazilərimizdəki qeyri-qanuni istismarın bütün region üçün təhlükə olduğunu dünya bilməlidir”.

Bu barədə İnsider.az “Report”un Ankara bürosuna istinadən xəbər verir.

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O deyib ki, Ermənistanın işğalı nəticəsində uzun illərdən bəri soydaşlarımızın müxtəlif istiqamətlərdə hüquqları pozulub və bu haqda rəhbərlik etdiyi institut beynəlxalq ictimaiyyətə, müxətlif ölkələrdə fəaliyyət göstərən ombudsmanlara mütəmadi olaraq müraciət edib, məlumatlar verib:

“Azərbaycanın əzəli torpaqlarında bilirsiniz ki, bir çox müharibə cinayətləri törədilib. Bu gün də beynəlxalq hüquqla tanınan ərazilərimizdə qeyri-qanuni istismar həyata keçirilir. Təbii ki, bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün böyük bir təhlükədir. Hesab edirəm ki, dinc aksiyaçılarımıza dünyada fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları, ekoloqlar və digər müvafiq qurumlar da dəstək verməlidir”.

Qeyd edək ki, S.Əliyeva Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edir.