osakada-g20-sammit-istirakcilarini-robotlar-qarsilayir-foto

Osakada G20 sammit iştirakçılarını robotlar qarşılayır - FOTO

Osaka şəhərində bu gün başlayan G20 zirvə görüşü ilə bağlı Yaponiyanın G20 sədrliyi tərəfindən keçirilən sərgidə "gündoğar ölkə"nin həm ənənəvi mədəni dəyərləri, həm də müasir texnologiya sahəsindəki nailiyyətləri təqdim olunur.

İnsider.az xəbər verir ki, sammitlə bağlı şəhərə təşrif gətirən 30 minədək qonaq həmin sərgidə yaponların ənənəvi çay dəstgahı, çalğı alətləri, əsası Osakada qoyulmuş bunraku xalq kukla teatrı və s. ilə tanış olmaq, milli təamlardan dadmaq fürsəti əldə ediblər.

Bununla yanaşı, sərgidə Yaponiyanın robot, təbabət və digər sahələrdə insanın gündəlik həyatını asanlaşdıracaq texnoloji innovasiyalar da təqdim olunur. Bunlardan bir qismini artıq satın almaq olar, digərləri isə yaxın illərdə satışa çıxarılacaq. Məsələn, Osaka Universitetinə məxsus “Leonardo Da Vinçi” android robotu ilk baxışda eynilə insan kimi hərəkət edir, ətrafdakılarla danışır.

Yaxud ev gözətçisi robot, əşyaları toplayıb yerləşdirə bilən UGO evdar robot, hətta fiziki imkanları məhdud şəxslərə qulluq edə bilən Sasuke robotu diqqət cəlb edir. Sasukenin köməyi ilə sosial işçi hər hansı qüvvə sərf etmədən xəstəni qaldırıb başqa yerə daşıya bilər. 2021-ci ildə kütləvi istehsalına başlanması nəzərdə tutulan MeltArm avatar robot da insan əlinin modelidir və insan üçün təhlükəli və ya əlverişsiz mühitlərdə istifadə oluna bilər.

Sərgidə insan ürəyinin 3d modelləri, təsviri birbaşa insan gözünün tor təbəqəsinə ötürən və beləcə gözdən xəsarət alanlara görmə qabiliyyətini qaytaran “eyewear Retissa” texnologiyası da nümayiş olunur.

Yaponiyanın G20 sədrliyinin başlıca öncüllükləri sırasında ətraf mühitin mühafizəsi məsələləri olduğundan sərgidə su təmizlənməsi, plastik tullantılarının emalı, ətraf mühitə uyğun paket və qablara da geniş yer ayrılır.

©Report