parlament-dsmf-nin-builki-budcesine-deyisiklikleri-tesdiqleyib

Parlament DSMF-nin builki büdcəsinə dəyişiklikləri təsdiqləyib

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur.

Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub.

Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur.

Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.