Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb.
İnsider.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Eyni zamanda layihəyə görə, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-cü il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.
APA