philips-in-toremesi-li-fi-lampalarini-buraxdi

“Philips”-in “törəməsi” Li-Fi lampalarını buraxdı

“Signify” şirkəti (2018-ci ilin martına kimi “Philips Lighting” adlanıb) işıq dalğaları vasitəsilə məlumatları ötürən “Truelifi” Li-Fi-lampaları buraxıb. İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin ismarışında deyilir.

4G və Wi-Fi-da istifadə olunan radiosiqnallar əvəzinə Li-Fi texnologiyası işıq dalğalarını istifadə edir. Tərtibatçı bildirir ki, verilənlər kompüterə 150 Mbit/s, iki fiksasiya edilmiş nöqtələr arasında isə 250 Mbit/s sürətlə ötürülür.

Kompüterin Li-Fi şəbəkəsinə qoşulması üçün istifadəçiyə siqnalı qəbul edən USB-açar lazım olacaq. Şirkətdən iddia edilir ki, texnologiya radiotezlik siqnalının zəif olduğu və ya təhlükəsizlik baxımından istifadəsi qadağan olunan məkanlar üçün uyğundur.

Şirkət hələlik bu texnologiyanı ancaq korporativ müştərilərə (maliyyə şirkətləri, polis, istehsalat, xəstəxana və s.) satmağı planlaşdırır. Artıq ilk müştəriləri də var. Ofisləri Polşa və Rumıniyada yerləşən “Globalworth” investisiya şirkəti və Belgiyanın “Claerhout Communication Campus” marketinq agentliyidir. Şirkətin bu texnologiya ilə istehlak bazarına çıxmaq planları barədə məlumat verilməyib.

Samirə Məmmədova