Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişik qanunun 6-cı (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) maddəsinə edilib.
İndiyədək satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması tələb olunurdusa, bundan sonra son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması da tələb olunacaq.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə “öhdəliklərinin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2019-cu il.