Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişi təsdiqləyib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sazişlə Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib.
Həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
“Böyük-Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Sənəddə həmçinin qeyd edilib ki, ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və epizootiyalar yayıldıqda tətbiq oluna bilər.
Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf buraxılış məntəqələrində hərəkətin dayandırılması və məhdudlaşdırılması səbəblərini və müddəti göstərməklə, planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.
Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi məlumatlandırma həyata keçirilməlidir.
Buraxılış məntəqələrinin obyektlərinin və ya komnukasiya qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət sərhədində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barəsində tərəflər bu işlərin başlanmasından əvvəl 3 aydan gec olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini məlumatlandırırlar.
Sənəddə vurğulanıb ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.