prezident-dovlet-agentliyine-vesait-ayirdi

Prezident dövlət agentliyinə vəsait ayırdı

Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı-Yardımlı (44 km)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla beş min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

İqtisadiyyat Nazirliyi avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.