prezident-dunya-iqtisadi-forumu-cercivesinde-kecirilen-panel-iclasinda-istirak-edib-foto

Prezident Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

Dövlətimizin başçısı panel iclasının moderatorunun suallarını cavablandırıb.

Moderator: Sözü əvvəlcə Prezident Əliyevə və Baş nazir Qaribaşviliyə vermək istəyirəm. Bu yaxınlarda Orta Dəhlizlə bağlı ciddi çoxtərəfli razılaşmaların olduğunu gördük. Növbəti ildə və hətta ondan sonra bu məsələ ilə bağlı hökumətlərarası səviyyədə nəyi gözləyə bilərik? İcazə verin Sizinlə başlayım, cənab Prezident. Sonra isə sözü sizə verəcəyəm, cənab Baş nazir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik. Yeri gəlmişkən görüşümüzə başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm.

Moderator: Amma mən Çex Respublikasındanam.

Prezident İlham Əliyev: Xeyr, xeyr. Boru kəməri Azərbaycandan başlayır - Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa.

Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han: Biz əks axın üzərində işləyirik. Çox sağ olun.

Moderator: Təşəkkür edirəm, çox sağ olun. Bunun bir makromənzərəsini, cənab Baş nazir, Siz də verərdiniz.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili: Ukraynadakı müharibədən sonra ölkələrin Orta Dəhliz layihəsinə marağı daha da artıb. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq bildirmək istəyirəm ki, bizim Azərbaycan, Qazaxıstan və Türkiyə ilə münasibətlərimiz mükəmməl səviyyədədir.

Moderator: Cənab Prezident, layihənin idarə olunması ilə bağlı Sizə qayıtmaq istərdim, sonra isə cənab Baş nazir Sizə. Gələcəklə bağlı, eləcə də bazarla bağlı bəzi ideyaları paylaşa bilərsinizmi? Fikirlərinizi bilmək istərdik. Sözsüz ki, bu, sadəcə, tunel deyil, həm də ola bilsin ki, xeyir gətirən və yeni regional bazarı formalaşdıran ekosistemdir.

Prezident İlham Əliyev: Bəli, mən Ebru xanımın fikirləri ilə tamamilə razıyam. Çünki o, həqiqətən də haqlı olaraq bildirdi ki, bu, sadəcə, dəhliz deyil və komissarın dediyi kimi, bu, tunel deyil. Bizim böyük gözləntilərimiz var. Sözsüz ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu məqsədlə biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində çox ciddi işləyirik. Biz düşünürük ki, nəqliyyat bizə ixracımızı şaxələndirməyə kömək etməklə yanaşı, biz xidmətləri ixrac edəcəyik. Eyni zamanda, Orta Dəhliz marşrutu və həmçinin Şimal-Cənub Dəhlizi marşrutu üzərində yerləşmək Azərbaycanda biznes üçün əlavə imkanlar yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.

Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Biz əvvələ - Baş nazir Qaribaşvilinin dediklərinə, ölkələr arasındakı əlaqələrə qayıdırıq. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Mən bir daha Ebru xanımın fikirləri ilə razılaşmaq istəyirəm ki, indi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir.

Moderator: Cənab Prezident, burada olduğunuzdan istifadə edərək, əlbəttə ki, Sizdən konkret olaraq enerji barədə də soruşmalıyam. Çünki iclasımız internet üzərindən yayımlanır və biz ictimaiyyətə vəziyyətin nə yerdə olduğundan xəbər verməliyik. Vəziyyət nə yerdədir? Bilirəm ki, Avropaya enerjinin təchizatını artırmısınız. Mən hətta buna möcüzə deyərdim. Lakin bu il üçün və strateji olaraq növbəti onillik üçün həm qazla, həm də Azərbaycanın yaşıl enerji ilə bağlı planları haqqında düşüncələriniz barədə bizə məlumat verə bilərsinizmi?

Prezident İlham Əliyev: Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq.

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.

Moderator: Təşəkkür edirəm, cənab Prezident, Sizə bir sualım da var. Bizim təxminən 3 dəqiqə vaxtımız qalıb. Əlbəttə ki, bu, aktual məsələdir. Komissar, siz qeyd etdiniz, bir çoxları düşünür ki, iqtisadi inteqrasiya varsa, daha çox sabitlik, sülh var. Bizə Ermənistanla münasibətləriniz barədə danışa bilərsinizmi? Nə gözləməliyik? Sizin nöqteyi-nəzərinizdən davamlı sülhə necə nail ola bilərik? Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Bu haqda danışmaq üçün iki dəqiqə yetərli olmayacaq.

Moderator: Hazırda vəziyyət nə yerdədir?

Prezident İlham Əliyev: Heç yerdə, çünki əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Moderator: Azərbaycan ilə Gürcüstan arasında yükdaşımalar, nəqliyyat layihələri ilə bağlı Sizin ümumi fikrinizi bilmək istərdim. Hansı yollarla?

İrakli Qaribaşvili: Biz Azərbaycanla birgə bir neçə layihədə əməkdaşlıq edirik. Bunlardan biri Qara dəniz sualtı elektrik kabeli layihəsidir. Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı.

Mən, həmçinin Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərdən bəhs etmək istəyirəm. Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik.

Moderator: Cənab Baş nazir, Sizin fikrinizcə, perspektiviniz nədir? Biz uzunmüddətli sülhə necə nail ola bilərik? Eyni zamanda, bununla yanaşı, bilirəm ki, Sizin həm NATO, həm də Avropa İttifaqı ilə bağlı iddialarınız var idi. Bu barədə fikirləriniz nədir?

İrakli Qaribaşvili: Əvvəlcə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik.

 

AZƏRTAC