Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
Fevralın 17-də dövlətimizin başçısı Münhendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.
Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirib.
Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırlayıb. Bildirib ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.
Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verib. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib.
Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpa olunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirib. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpa olunan enerji potensialına malik olduğunu qeyd edib, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini deyib və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumunun əhəmiyyətini qeyd edib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını deyib. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Mixael Harms Almaniya şirkətlərinin bərpa olunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğulayıb, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
11:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, fevralın 17-də dövlətimizin başçısı Münhendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
AZƏRTAC