prezident-ilham-eliyev-ispaniya-el-pais-qezetine-musahibe-verib-tam-metn

Prezident İlham Əliyev İspaniya “El Pais" qəzetinə müsahibə verib - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib. "Report" müsahibənin tam mətnini təqdim edir.

Müxbir: Əvvəla, bizi qəbul etdiyiniz, Brüsseli ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik. Belə bir xüsusi məqamda bizi qəbul etdiyinizə və bizə bu müsahibənin aparılmasına imkan yaratdığınıza görə təşəkkür edirik. Geosiyasi vəziyyət nöqteyi-nəzərindən böyük miqyasda, Avropa İttifaqı və onun qonşuları nöqteyi-nəzərindən kiçik miqyasda çox maraqlı məqamdır. Buna görə Sizə təşəkkür edirik.

Əvvəlcə, mən Ermənistanla hazırkı vəziyyət haqqında Sizdən soruşmaq istəyirəm. Hazırda vəziyyət nə yerdədir? Biz bir aydan da az müddətdən əvvəl sərhəddə ölümcül toqquşmaların olduğunu bilirik. Əlbəttə ki, hər iki tərəf məsuliyyəti bir-birinin üzərinə atır. Bu son hadisələrdə nəyin baş verdiyini və hazırkı vəziyyətin nədən ibarət olduğunu bilmək istəyirəm.

Prezident İlham Əliyev: Müharibə bitəndən bəri 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq. Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik. Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq.

Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik.

- Cənab Prezident, Sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?

-Yəqin ki, bu sualı Ermənistana ünvanlamaq lazımdır. Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.

-Siz indi sərhədləri təkrar açmaq istəyirsiniz? Əlbəttə ki, bu sual əvvəlki sualla bağlıdır. Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırsınızmı və bunun baş verməsi üçün şərtlər nədir?

-Bəli, biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.

-Ermənistanın baş naziri ilə görüşün keçirilməsi Brüsseldə elan olunduqda Avropa İttifaqının bəyanatında deyilirdi ki, niyyət firavan və sabit Cənubi Qafqaz naminə gərginliklərin aradan qaldırılması yollarını tapmaqdır. Əlbəttə ki, mən Ermənistan ərazisindən keçən bu dəmir yolunu və avtomobil yolunu düşündüm. Lakin Brüsseldəki görüşdən nələri gözləyə bilərik?

-Bunu söyləmək çətindir, çünki biz bu gün keçiriləcək görüşün nə ilə nəticələndiyini görməliyik. Lakin biz Avropa Komissiyasının və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin fəaliyyətini çox yüksək qiymətləndiririk. O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Yeri gəlmişkən, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan onun təşəbbüsü də işləyir. Beləliklə, indi bu kommunikasiya kanalı artıq səmərəlidir. Bu, Avropa Komissiyasının Cənubi Qafqazda sabit mühitin yaradılmasına şərait yaratmağa və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatının yaradılmasına imkan yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var.Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə məğlubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ psixoloji travma yarandı. Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik.

-Sizcə, burada, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki son görüşdən nə ilə fərqlənir? Demək istəyirəm ki, görünür, cənab Putinin rəhbərliyi ilə artıq çox işlər görülüb. Siz Brüsseldəki təmasların fərqi barədə nə deyərdiniz?

-Səmimi desək, mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm. Əks halda, onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər və bizim vaxtımızı almazdılar. Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardandır. Onların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu, o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq. Beləliklə, mənim gözləntilərim bununla əlaqədardır. Sözsüz ki, hər şey bugünkü üçtərəfli görüşün necə keçməyindən asılı olacaq. Lakin bizim mövqeyimiz aydındır. Biz buraya müsbət dinamikanı gücləndirməyə gəlmişik.

-Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu bəyannaməsi Sizin hökumətinizdən, – mən olduğu kimi oxuyuram, – erməni milli və ya etnik mənşəyini hədəfə alan irqi nifrət və diskriminasiyanın təhriki və təbliğinin qarşısını almaq, 2020-ci il münaqişəsi ilə əlaqədar əsir götürülmüş və saxlanılan bütün şəxsləri zorakılıq və bədən xəsarətlərindən qorumaq və onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etmək üçün lazımi tədbirlər görməyi xahiş edib. Mən Sizdən soruşmaq istərdim, vəziyyətlə bağlı bu istiqamətdə hansı addımlar atılıb?

-İlk növbədə, mən demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Mən deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balanslaşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusanız, yəqin ki, daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasətimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də, bu, bizim mövqeyimizdir və mən bunu açıq şəkildə bəyan edirəm.

İctimai rəyə gəlincə, başa düşmək lazımdır ki, demək olar, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var. Bu, təbiidir. Mən “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik. Bizim siyasətimiz budur. Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar.

-İcazə verin, hərbi əsirlərlə bağlı bir daha soruşum, çünki təkcə Ermənistan tərəfdən deyil, beynəlxalq təşkilatlar tərəfindən də birbaşa iddialar var ki, saxlanılan onlarla insan var, heç kim əsl sayını bilmir. Bu yaxınlarda hərbi əsirlər sizin ərazilərinizdəki mina xəritələrinin təqdim edilməsi müqabilində dəyişdirilib. Mən bilmək istərdim, bu şəxslərin siyahısı varmı və Siz saxlanılan həmin şəxslərin siyahısını paylaşmağa hazırsınızmı? Siz iddia edirsiniz ki, onlar terrorçudurlar, digər tərəf iddia edir ki, onlar hərbi əsirdirlər. Bizim adlar və sayın göstərildiyi siyahını əldə etmək imkanımız varmı?

-Burada heç bir sirr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu, həqiqətdir və təsdiqini tapmış məsələdir. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir. Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Yəni, onların bundan xəbəri var, beynəlxalq təşkilatların məlumatı var, biz bunu gizlətmirik, çünki burada sirr yoxdur. Eyni zamanda, məhkəmələrin qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir. Lakin yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıb. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır.

-Həmin şəxslərin hərbi əsir kimi qiymətləndirilməsi və hərbi əməliyyatların dayandırılması razılığına əsasən, Ermənistan tərəfinə qaytarılması ehtimalı varmı?

-Dediyim kimi, onlardan 10 nəfəri on gün bundan əvvəl qaytarılıb. Proses humanitar əsaslarda davam edir. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, ancaq proses gedəcək.

-Təbii qaz məsələsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatları azalmaqdadır, qazın qiyməti isə artır. Bizim üçün ən əsas qaz təchizatçısı idxalımızın 40 faizinin payına düşdüyü Rusiya ilə münasibətlərdə gərginlik var. Münasibətlər özünün ən pis dövrünü yaşayır. Azərbaycanın iqtisadiyyatı neft və qaz ixracına əsaslanır, ixrac bazarları isə Aİ və Qərbdir. Siz hazırkı vəziyyəti necə təhlil edərdiniz, Aİ və ümumilikdə region hazırkı böhranın öhdəsindən necə gələ bilər?

-Əvvəla, demək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, bu, məni maraqlandırmır. Biz isə öz növbəmizdə ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində çalışırdıq. Həmin layihə ötən ilin son günündə başa çatdırılmışdır. Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni, bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və əlbəttə, bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir. Siz artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni, hər şey hazırdır və qaz idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir.

-Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi – TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?

-Xeyr. İl ərzində müntəzəm olaraq görüşməyimizə və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan isə Avropa. Biz məhz belə də etdik. Türkiyəyə ixrac 2006-cı ildə başlandı. Həcm getdikcə artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər. Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik.

-Sonuncu sualım dronlar haqqındadır. Ermənistanla müharibədə Sizdə dronların olması çox mühüm əhəmiyyət təşkil edirdi. Bu haqda düşüncələrinizi bilmək istərdim. Səhv etmirəmsə, Sizdə İsrail və Türkiyə texnologiyası əsasında hazırlanmış dronlar var. Bilmək istəyirəm ki, bu dronlar indi dünya satışına çıxarılacaqmı? Onları müstəqil şəkildə istehsal etmək və dünyaya satmaq imkanınız var. Dünya bunda maraqlıdırmı? Ümumiyyətlə, bu, müasir müharibəni və dronların müasir müharibələrin zəruri bir elementinə necə çevrilməsini əks etdirir.

-Bəli, bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Qeyd etdiyiniz kimi, hər iki ölkədən – Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi. Eyni sözü bizim hava hücumundan müdafiə sistemi barədə demək olar. Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusiyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim “BUK” tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq. Çünki Ermənistan bizə qarşı ballistik raketlər ataraq yuxuda olan şəhərləri dağıdırdı. Gəncə şəhəri bir neçə dəfə SCUD raketinin hücumuna məruz qaldı. Onlar yaşayış məntəqələrini dağıtmaq üçün hədəfə alırdılar. Onlar “İsgəndər-M” ballistik raketlərindən istifadə etdilər. Bu, sonuncu gün Şuşanı dağıtmaq üçün istifadə olunmuşdu. Bir dənə deyildi. Bu raketlərin çoxu bizim hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi. Beləliklə, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya. Dronlar artilleriyaya hədəfi göstərirdi. Artıq sirr deyil ki, müharibənin ilk günlərində biz Ermənistanın hava hücumundan müdafiə sistemini aşkar etmək üçün kiçik, yüngül təyyarələrdən istifadə edirdik. Pilot tullanırdı və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş kiçik təyyarə mövqelərə gedirdi, Ermənistanın hava hücumundan müdafiə sistemi bu lazımsız hədəfə hücum etməklə özünü aşkar edirdi. Sonra biz Ermənistanın hava hücumundan müdafiə sistemini məhv edirdik. Bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Bütün bu amillər çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı. Çünki biz dağlara çıxmalı olurduq, elə şəraitdə ki, ermənilər demək olar, 30 il ərzində 6 istehkam xətti qurmuşdular, minalar basdırmışdılar. Yalnız müharibədən sonra bizdə demək olar ki, 200 nəfər minaya düşərək həlak olub və ya yaralanıb. Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq.

-Müharibənin nəticəsi Sizin hərbi məhsullara marağınızı artırıbmı?

-Bəli, əlbəttə ki. Buna və eyni zamanda, bizim təcrübəmizə marağı artırıb. Çünki təcrübəmizi öyrənmək istəyən bir neçə ölkə artıq bizə müraciət edərək bunu necə etdiyimizlə maraqlanıb. Lakin müharibəyə ilk gündən son günədək rəhbərlik edən Ali Baş Komandan olaraq sizə bir daha deyə bilərəm ki, bunu necə etdiyimizi izah etmək çətin olar. Çünki siz bunu hiss etməlisiniz. Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi. Baxmayaraq, bir çoxları bizə bunu necə etdiyimizlə bağlı müraciət etsə də, düşünürəm ki, bunu izah etmək üçün uzun illər lazımdır.

-Vaxt ayırıb müsahibə verdiyinizə görə təşəkkür edirəm.

-Təşəkkür edirəm.

-Bugünkü görüşlərinizdə və növbəti günlərdə Sizə uğurlar arzulayıram.