"COVİD-19 infeksiyasının yayılması bütün dünyada mövcud vəziyyətə ciddi şəkildə təsir edib. Müxtəlif ölkələrdə elan edilmiş fövqəladə hal və qlobal ressesiya dünya iqtisadiyyatında olduğu kimi, təbii ki, siyasətdə də əksini tapmaya bilməzdi. Belə ki, yaşadığımız pandemiya qlobal siyasi prosesləri ləngidərək yeni böhranlara səbəb ola bilər.
Hətta “süqut” və “fəlakət” kimi sərt epitetlərdən yayınsaq da, aydındır ki, “qlobal dünya”, yalnız inkişaf etmiş və etməkdə olan ölkələrin liderlərinin iradəsinə dayanaraq mövcudluğuna davam edir. Ümumilikdə dünya cəmiyyəti pandemiyanı təbii fəlakət kimi qəbul edən ölkələrin həyata keçirdiyi tədbirlər ilə həmrəydir".
Bunu İnsider.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S.Seyidov həmçinin bildirib ki, "Bildiyiniz kimi, koronovirus artıq rəsmi olaraq qlobal böhran kimi tanınıb. Sözsüz ki, pandemiyanın birbaşa problemi, insanların sağlamlığına, səhiyyə sisteminə və vətəndaşların həyatının müdafiəsidir. Bu səbəbdən də virusun yayılmasının və bəşəriyyət üçün dəhşətli nəticələrin qarşısını almaq üçün dünya ölkələrində müəyyən addımlar atılır, tədbirlər görülür, sərt və qismən yumşaldılmış karantin rejimi tətbiq edilir.
COVİD-19 virusunun sürətlə yayılması qloballaşmanın şübhəsiz və dəyişməz reallıq olduğunu bir daha sübut etdi. Qlobal liderliyin BMT-nin Təhlükəsizlik Şurasından tutmuş, ÜST və ya Beynəlxalq valyuta fonduna qədər mövcud struktur problemlərin həllinin labüd olduğunu açıq göstərdi.
Belə ki, 2020-ci il mayın 4-də BMT-nin Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlər ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Prezident İlham Əliyev QH-nin onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.
Təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.
BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.
Qeyd etmək lazımdır ki, bu təşəbbüsün 130-a yaxın BMT üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Ermənistan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Koronovirusun beynəlxalq tendensiyalara təsirindən danışanda, bu problemin birbaşa, ortamüddətli və uzunmüddətli nəticələrinin, eləcə də milli, regional və beynəlxalq aspektlərinin olduğunu da etiraf etməliyik.
Beynəlxalq siyasi sistemə böhranın təsirini tam anlamaq üçün bir qədər zaman lazım olacaq, bu təsirin xarakteri isə hazırki dövrdə ölkələrin davranışından, onların atdığı addımlardan birbaşa asılıdır. Ayrı-ayrı ölkələrin rəhbərlərinin eqoistik, humanizmdən uzaq siyasəti və səriştəsiz davranışı mövcud böhrandan çıxmaq səylərinə mənfi təsir göstərəcək.
Koronavirus pandemiyası, son aylarda ön plana keçərək, baş verən digər dramatik hadisələri ikinci planda qoyub. Bununla yanaşı pandemiya həm də dünya iqtisadiyyatı və maliyyə sistemi, bir çox beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrdə dövlət idarəçilik mexanizmləri üçün böyük bir imtahan oldu. Nəticə də isə dünya ölkələri səhiyyə və iqtisadi infrastrukturuna yanaşmanı və sərmayə yatırımını yenidən nəzərdən keçirəcək.
Qeyd edək ki, COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.
Keçirilməsi təklif edilən Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının bu gün də davam etməsi, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində bir araya gələrək, dünyanı bürüyən bu, bəladan qurtulmaq üçün çıxış yollarının müzakirə edilməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat olduğunu göstərdi.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir".