prezident-rejimlerin-pozulmasi-ile-bagli-cerimeleri-imzaladi-5-iledek-hebs

Prezident rejimlərin pozulması ilə bağlı cərimələri imzaladı - 5 İLƏDƏK HƏBS

Azərbaycan Prezidenti "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzaladı.

İnsider.az xəbər verir ki, dəyişikliklər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlıdır. 

211-ci maddə aşağıdakı redaksiyada verilib:

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

388-1.1-ci maddənin (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) sanksiyası aşağıdakı redaksiyada verilib:

Fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Prezident Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında da Qanunu imzalayıb.

“Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması

139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda -

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”