prezident-su-ehtiyatlari-ile-bagli-tedbirler-planini-tesdiqledi

Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi

Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Nazirlər Kabineti hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etməli;

Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etməli;

Bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya) bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etməli;

Suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu sərəncamla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etməli;

Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etməlidir.

Qeyd edilib ki, ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülüb. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilib.

Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilib.

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.