Rusiya, Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan Jukovskidə “MAKS”-ın aviasalonunda birgə dondurma yeyiblər – hər ikisinin yerinə ödənişi rusiyalı lider edib. İnsider.az bu barədə “TASS”-a istinadla xəbər verir.
Ərdoğan üçün Putin vanilli dondurma, özünə isə dərhal qarışıq – şokoladlı və qaymaqlısını seçib. Alış üçün satıcı 210 rubl istəyib, lakin Putin ona beş minlik banknot uzadıb.
“Qalığı nazirə verin. Bu, ona aviasiyanın inkişafına verilir,” – deyə prezident yanındakı sənaye və ticarət nazirliyinin rəhbəri Denis Manturovu işarə edib. Nazir cavabında təşəkkürünü bildirib.
Lakin sonra Putin Rusiya və Türkiyə nümayəndə heyətinin digər üzvlərini də dondurmaya qonaq edib. Satıcının “RİA Novosti”-yə dediyinə görə, ümumilikdə təxminən 30 porsiya dondurma yeyilib. “Hamısı qalıq məbləğ əvəzinə qonaq edilib”, - deyə o, bildirib.