“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliklə qanunun 1-ci maddəsinin birinci hissəsi üzrə aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilib:
“himayədar valideyn (himayədar ailə) - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad)”.
Bundan başqa, 3-cü maddə üzrə dördüncü hissə aşağıdakı redaksiyada verilib:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.
Eyni zamanda həmin maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilib:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5-8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar”.
Bundan başqa, dövlət başçısı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 946 nömrəli, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.
Fərmana əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləğini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.