qusar-sakinlerinin-internetle-bagli-sikayetine-resmi-cavab

Qusar sakinlərinin internetlə bağlı şikayətinə RƏSMİ CAVAB

Qusarın Həsənqala kənd sakinləri internetin və telefon xəttinin olmamasından şikayətçidirlər.

Sakinlər  bildiriblər ki, nə qədər müraciət etsələr də, dövlət qurumundan heç bir rəsmi cavab verilməyib:

“Bizə qeyri-rəsmi verilən cavablara görə, dirəklərdə və qovşaqların portlarında yer yoxdur, ona görə mümkün deyil. İllərdir bu problem öz həllini tapmır. Qonşu kəndlərdə telefon xətti, internet olsa da, Həsənqala kəndində vəziyyət illərdir düzəlmir”.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC ilə əlaqə saxladıq. 

Qurumdan bildirilib ki, MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir:

“Qusarın Həsənqala kəndində 70 ev təsərrüfatı Balaqusar kənd EATS-dən fiziki xətlə (ADSL) telefonlaşıb və sakinlər internetdən istifadə edirlər. 2024-cü ilin sonuna kimi Qusarın Həsənqala kəndinin də yüksəksürətli internetlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər texnologiyalar vasitəsilə genişzolaqlı xidmətlərlə təmin edilməsi planlaşdırılır”.

Oxu.Az