Prezident İlham Əliyev Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.