reddit-nedir-yeni-gelenler-ucun-telimat

“Reddit” nədir? Yeni gələnlər üçün təlimat

Əgər internetdə çox vaxt keçirirsinizsə, o zaman böyük ehtimalla, siz “Reddit” barədə eşitmisiniz. Sayt özünü “internetin ilk səhifəsi” qismində mövqeləndirir və bu, boş lovğalıq deyil: “Reddit” populyarlığa görə ABŞ-da altıncı, dünyada isə 18-ci yerdədir.

“Reddit” nədir? Ümumilikdə və bütövlükdə, bu, insanların xəbər və ya kontentlə bölüşə və digərlərinin publikasiyalarını şərh edə biləcəkləri nəhəng forum kolleksiyasıdır. Bilməli olduğunuz bütün şey budur.

“Reddit”-in jarqonu və dizaynı

“Reddit” “sabredditlər” kimi tanınan milyondan çox qruplara bölünüb, onlardan hər biri ayrı mövzuya həsr olunub. Sabredditin adı /r/ ilə başlayır. Məsələn, /r/nba insanların Milli Baketbol Assosiasiyası (NBA) barədə danışdıqları sabredditdir, /r/boardgames isə stolüstü oyunları sevənlərin sabredditidir. Qəribə qruplar da var, məsələn, /r/birdswitharms - burada insanlar əlləri olan quşların şəkillərini paylaşırlar.

Əgər “Reddit”-ə ilk dəfə daxil olursunuzsa, yəqin ki, görəcəyiniz şeyə təəccüblənəcəksiniz, ona görə qısa izahı budur. Baş səhifə sizə saytda trenddə olan müxtəlif publikasiyaları göstərir; onlar fərqli sabredditlərdən yığılıb. Siz onları, yuxarıda sol küncdəki müvafiq düyməni sıxaraq, populyarlığa, yeniliyə və s. görə çeşidləyə bilərsiniz.

Yuxarıda sizin publikasiya və sabreddit axtarışı üçün istifadə edə biləcəyiniz axtarış sətri mövcuddur.

Saytın hər istifadəçisi istənilən mövzuda sabreddit yarada bilər, əsas onun “Reddit” qaydalarına riayət etməsidir. Sabredditlərlə moderatorlar  - qrupun xarici görünüşünü dəyişə, hansı kontenti yerləşdirməyi diktə edə və hətta publikasiyaları silə və istifadəçiləri ban edə bilən könüllülər idarə edir. “Reddit” bütövlükdə, administratorlarla – moderatorları imtiyazlarından məhrum etmək və hətta bütöv sabredditləri silmək daxil saytda geniş səlahiyyətlərə sahib olan şirkətin əməkdaşları tərəfindən idarə olunur.

Publikasiyanın yanında siz, çox güman, aşağı və yuxarı istiqamətli oxlar, həmçinin rəqəm görə bilərsiniz. İstifadəçilər layk və ya dizlayk qoymaq üçün oxlara basırlar, rəqəm isə layk və dizlaykların sayı barədə xəbər verir. “Reddit” istifadəçiləri, həmçinin digərlərinin şərhlərini də qiymətləndirə bilərlər və hər hesaba “karma” deyilən funksiya bağlıdır – hər şərhinin və ya publikasiyanın laykına görə sən karmana plyus alırsan. Karma sizə cəmiyyətdə mövqeyinizi yüksəltməyə kömək edir.

“Reddit”-in həmçinin öz dili də var. Redditorlar “OP”, “TIL”, “IAmA” və “AMA” kimi abreviatura ilə yazmağı sevirlər. “OP” “original poster” kimi deşifrə olunur (tred-müzakirəyə başlayan insan); “TIL” “Today I learned” ("Bugün öyrəndim”) deməkdir və bu, saytda ən yayılmış qısaltmalardan biridir. “IAmA” və “AMA” “Reddit”-in ən populyar funksiyasına aiddirlər: “Ask Me Anything” (“Məndən nə istəsən soruş”). “AMA”-da Barak Obama kimi məşhur insanlar redditorların suallarını cavablandırır. Belə müzakirələr ən gülməli, maraqlı və cəlbedici alınır.

İstifadəçilər digərlərini yaxşı publiksiyalara görə mükafatlandıra bilərlər. Mükafatı “Reddit Coins”-ə almaq olar, onları isə siz öz növbənizdə icmanı dəstəkləmək üçün alırsınız.

Qrupu dəstəkləməyin daha bir üsulu saytda üzvlük proqramını – “Reddit Premium” almaqdır. Aylıq 6 dollara “Premium” istifadəçiləri adi istifadəçilərdə olmayan funksiyalara giriş əldə edirlər, həmçinin onlar yeni, hələ çıxmamış fiçləri test edə bilirlər. Bundan başqa, onlara reklam göstərmirlər və onların icma kamillərinin ağıllı zarafatlarla mübadilə apardıqları /r/lounge supersirli sabredditə girişləri var. Şənlik üçün saytda “Premium” almaq mütləq deyil, lakin bu, şirkəti dəstəkləməyin və icmaya investisiya ayırmağın yaxşı üsuludur.

Yadda saxlayın: “Reddit” internetdə görüşən, cürbəcür əşyalarla bölüşən və bir-birilə ünsiyyətdə olan insanların qrupudur. Vəssəlam.

Qeydiyyat

Əgər sizə elə gəlirsə ki, “Reddit”-in əsl sizin yerinizdir, o zaman qeydiyyat səhifəsinə daxil olun, öz nikinizi və şifrənizi fikirləşin və elektron poçtunuzu göstərin. “Reddit” sizi hesab sayında məhdudlaşdırmır – siz bir neçə istifadəçi adı fikirləşib, əhvalınızdan asılı olaraq hesablara girə bilərsiniz.

Qeydiyyatdan sonra “Reddit” sizin bəyənəcəyiniz populyar icmaları necə axtarmağı sizə öyrədəcək. Əgər artıq hansı sabredditlərə abunə olmağı istədiyinizi bilrsinizsə, onların adını yuxarıdakı axtarış sətrinə daxil edin.

Maraqlı sabredditlərə abunə olaraq, siz əsas səhifənizdə oradan gələn publikasiyalar görəcəksiniz. Naviqasiya paneli sizə bütün abunə siyahınızı göstərəcək və sizə saytda səmt götürmək daha rahat olacaq. Siz həmçinin oxşar sabredditləri multiredditlərə qruplaşdıra bilərsiniz – məsələn, “/r/nba”, “/r/nbadiscussion”-u və komandalara həsr olunmuş sabredditləri “Basketbol” multiredditində birləşdirə bilərsiniz.

İnsider.az

Samirə Məmmədova