Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyası tərəfindən qəbul edilən qətnaməyə münasibət bildirib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir.
Bildirilib ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir.
“Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır.
Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik.
Bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yanlış qətnamələrin beynəlxalq hüququnun norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də, Azərbaycanla Fransa arasında mövcud olan ikitərəfli sənədlərlə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik.
Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də, ikitərəfli münasibətlərə kölgə salır.
Onu da vurğulamaq lazımdır ki, Fransa Milli Assambleyası bugünədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib. Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir.
Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir.
Qeyd etmək istərdik ki, Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq”, - deyə qeyd olunub.