robot-mehkeme-hakimleri-gelir-yenilik

“Robot məhkəmə hakimləri” gəlir - YENİLİK

Estoniyanın ədliyyə nazirliyi ölkənin data baza üzrə əsas mütəxəssisi sayılan Otto Velsberqə rəsmi müraciət edərək ondan robot məhkəmə hakimi proqramı hazırlamağı xahiş edib.

İnsider.az xəbər verir ki, “robot hakim” proqramı suni intellektlə işləyəcək və kiçik iddialar üzrə məhkəmə mübahisələrinə baxacaq.
Nəzərdə tutulur ki, suni intellektlə işləyəcək “robot hakim” hüquqi və digər müvafiq sənədləri analiz edərək qərar verməlidir. Doğrudur, robotun qərar verdiyi işlərə insan hakimlər də yenidən baxaraq, onu dəyişmək imkanında olacaqlar.

Qeyd edək ki, 1,4 mln əhalisi olan Estoniya kiçikliyinə baxmayaraq, hökumət funksiyalarının rəqəmsallaşdırılması, rasionallaşdırılması və modernləşdirilməsində böyük uğurlar qazanıb. Bir qədər əvvəl Estoniya “elektron həyat” proqramını işə salıb.

Bu proqram istənilən şəxsə, o cümlədən xaricilərə imkan verir ki, dünyanın istənilən yerindən Estoniyanın hökumət xidmətlərinə çıxış əldə etsinlər. Bu proqramın elekton imzalı “smart-kart”ı yeni nəsil dövlət indektifikatoru sayılır.

Estoniyada dövlət xidmətlərində süni intellektin tətbiqi ilk dəfə deyil. Hökumət indiyə qədər də süni intellektdən geniş istifadə edib. Belə ki, indiyədək peyk şəkilləri süni intellekt tərəfindən analiz edilir və torpaqlarda görülən işlərin subsidiya sistemi üzrə qaydalara uyğun olub olmadığı yoxlanılır. Bundan başqa, sistem işdən çıxan işçilərin CV-lərini analiz edib, vakansiya sistemində onlara uyğun iş yeri axtarır.

Qeyd edək ki, xüsusi proqram nəticəsində məhkəmə qərarlarının verilməsinə Azərbaycanda artıq başlanılıb. Təkcə bu ilin əvvəlindən indiyədək bir neçə yüz məhkəmə qərarı robotlar tərəfindən verilib.

©FED