Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2020-ci ildə Rusiyadan ölkəyə taxıl və kartof tədarükündə tələblərə cavab verməyən 45 halın olmasından narahatdır.
İnsder.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumatda bildirilir.
Qeyd olunan məsələyə dair müzakirələr "Rosselxoznadzor" və AQTA-nın rəhbərlərinin müavinləri səviyyəsində keçirilən onlayn görüş zamanı aparılıb.
Vurğulanıb ki, buğda tədarükündə 36 halda bu məhsulun yabanı otlarla qarışıq halında olduğu, 1 halda qarğıdalı və 8 halda nematoda yoluxmuş kartof müəyyən edilib.
AQTA aşkar etdiyi pozuntular barədə "Rosselxoznadzor"a bildirişlər göndərmədiyini təsdiqləyib.
"Rosselxoznadzor"un rəhbərinin müavini Anton Karmazin ölkələr arasında ticarət əməkdaşlığının vacibliyini vurğulayaraq, Rusiyadan Azərbaycana hər il təxminən 1,5 mln. ton taxıl və ondan emal olunan məhsulların göndərildiyini bildirib. Onun sözlərinə görə, idxalçı ölkələrin taxıl tədarükündə tələblərinə uyğunluğunu təmin etmək "Rosselxoznadzor"un prioritet vəzifəsidir.
A. Karmazin Azərbaycan tərəfinə Rusiya taxılında aşkarlanan ziddiyyətlərlə bağlı hər hal üzrə rəsmi bildiriş göndərilməsini xahiş edib. O, hər bir halın hərtərəfli araşdırılacağını və bu hallara yol verən ixracatçılara qarşı müvafiq tədbirlər görüləcəyini qeyd edib.
APA