Rusiya Maliyyə nazirliyi “Google”, “Facebook” və “Apple” kimi beynəlxalq internet şirkətləri rusiyalı auditoriyasından əldə etdiyi gəlirdən vergi ödəməyi təklif edib.
İnsider.az xəbər verir ki, bu barədə “2020-ci il və 2021-2022-ci illərdə plan dövrü üzrə əsas büdcə, vergi və gömrük-tarif siyasətinin istiqamətləri” layihəsinə istinadən RBK saytı məlumat yayıb.
Adətən beynəlxalq internet-şirkətləri baş ofisin qeydiyyat yeri üzrə vergi ödəyirlər. Məsələn, “Google”, “Facebook” və “Microsoft” şirkətlərinin Avropa ofisləri İrlandiyada qeydiyyatdan keçib, adıçəkilən şirkətlər həmin ölkədə 12,5% gəlir vergisi ödəyirlər.
Rusiyanın Maliyyə nazirliyi, qanunvericilikdə dəyişikliklər edərək, internet-şirkətlərinin vergi rüsumu üçün istifadəçilərinin yerləşdiyi ərazinin ədliyyə qanunlarına uyğun olaraq gəlirləri barədə məlumat vermələrini təklif edib. Nazirlik hesab edir ki, bu ölkələr arasında vergiləri ədalətli bölməyə imkan verəcək.
Qeyd edək ki, 2017-ci ildə Rusiyada “Google”-a vergi tətbiq edilib – belə ki, xaricdə qeydiyyatdan keçmiş İT-şirkətlər göstərdikləri elektron xidmətlərə görə əldə etdikləri gəlirdən 20% ƏDV ödəməlidir. FVX məlumatına görə, 2019-cu ilin birinci rübündə şirkətlər “Google-a görə vergi” üzrə 12 milyard rubl ödəyiblər.
Səbinə Səmidxan