rusiyada-lokal-herbi-sebekeleri-qoruyacaq-kiberqosunlar-yaradilacaq

Rusiyada lokal hərbi şəbəkələri qoruyacaq kiberqoşunlar yaradılacaq

Rusiya Silahlı Qüvvələri vəzifəsi lokal hərbi şəbəkələrin mühafizəsi və proqram hücumlarının dəf edilməsi olacaq xüsusi bölmələr yaratmağa başlayıb. Belə ki, “hərbi internet”in mühafizəsi üçün ölkənin Müdafiə Nazirliyi ali texniki təhsilə malik zabitlərdən ibarət kiberqoşunlar hazırlayacaq.

İnsider.az xəbər verir ki, lokal hərbi şəbəkələrin əsas problemi onların ənənəvi prinsip üzrə qurulmasındadır. Belə şəbəkə texniki baxımdan radiosiqnal şüalanması vasitəsilə aşkarlandıqdan sonra hakerlər ona müdaxilə edə və işinə mane ola bilərlər. “Wi-Fi” şəbəkəsinə müdaxilə isə trafikin dinlənilməsi və idarəetmə sisteminin ələ keçirilməsi ilə nəticələnər.

Plana görə, bütün səhra idarəetmə məntəqələri çoxsəviyyəli mühafizə sistemi ilə təchiz ediləcək. Şəbəkələrarası ekran daxil olan trafiki verilmiş şablon ilə müqayisə edəcək və onu buraxmaq və ya qadağan etməklə bağlı qərar qəbul edəcək. Xüsusi hazırlanmış antiviruslar zərərli proqramların qanunsuz müdaxiləsinin izlənilməsi ilə məşğul olacaqlar. Bundan əlavə, xüsusi proqram təminatı və avadanlıq müdaxilənin və ya trafikin ələ keçirilməsi cəhdinin hansı nöqtədən həyata keçirildiyini müəyyənləşdirəcək. İstənilən oxşar müdaxilə barədə operatora bildiriş və şəbəkənin yenidən qurulması üzrə bir neçə variant göndəriləcək.

Yeni qoşunların effektivliyinin sınağı üçün əsas obyektlərdən biri Müdafiə Nazirliyi tərəfindən hazırlanan “hərbi internet” layihəsi olacaq. Layihənin bir müddət əvvəl keçirilən sınaqları zamanı məlumatlar saniyədə 300 meqabit sürətlə ötürülüb, audio və videofayl mübadiləsi isə 2 min kilometr məsafədə aparılıb. Mütəxəssislərin sözlərinə görə, belə şəbəkəyə qanunsuz müdaxilə qeyri-mümkündür. Belə ki, o, haker hücumları və kənar müdaxilələrdən etibarlı qorunur.