sahibe-qafarova-fransa-parlamentinin-numayende-heyeti-ile-gorusub-foto

Sahibə Qafarova Fransa Parlamentinin nümayəndə heyəti ilə görüşüb - FOTO

Noyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Görüşdə spiker bildirib ki, ölkələrimiz arasında əlaqələrin zəngin tarixi var. Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verib. Mehriban xanım Əliyeva vaxtilə Milli Məclisdə Fransa ilə dostluq qrupunun sədri kimi parlamentlərarası münasibətlərimizin dərinləşməsində mühüm rol oynayıb. Heç də təsadüfi deyildir ki, məhz bu sahədəki fəaliyyətinə görə Mehriban xanım Əliyeva Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edilib.

Sədr qeyd edib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Əlaqələrimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker bildirib ki, Ermənistanın növbəti təxribatından sonra cari ilin sentyabrın 27-də Azərbaycan Ordusu əks – hücum əməliyyatına və Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etməyə başlayıb. Sədr təəssüf hissi ilə qeyd edib ki, müxtəlif səviyyələrdə əlaqələrimizin mövcudluğuna baxmayaraq, Fransa tərəfi, o cümlədən Fransa dostluq qrupunun sədri bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etməyib. Əksinə, bir sıra yüksək səviyyəli Fransa rəsmilərinin dilindən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlər səslənib. Bu ölkənin Avropa və Xarici İşlər üzrə naziri Jan-İv Lö Drianın son bəyanatı isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayan, tamamilə qərəzli xarakter daşıyır. Bütün bunlar, təbii olaraq, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Azərbaycan beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu, ölkəmizin qanuni haqqıdır.

Spiker Fransa nümayəndə heyəti üzvlərinin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə səslənən fikirlərin Fransa Milli Assambleyasında səsləndiriləcəyinə inamını ifadə edib. Ümidvar olduğunu bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək.
Qəbul üçün minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber ölkəmizə dost kimi səfər etdiklərini söyləyib. Müstəqil Azərbaycanın fransalı dostları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə sevinirlər.

Qonaq parlamentlər səviyyəsində münasibətlərin bundan sonra da inkişaf etdirilməsini önəmli hesab etdiyini və bu əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayıb.
O, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirib.

Bildirilib ki, dostluq qrupunun üzvləri burada gördüklərini və Azərbaycan tərəfinin fikirlərini Fransa ictimaiyyətinə və öz həmkarlarına çatdıracaqlar. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bu cür görüşlərin regionda baş verən proseslərlə yaxından tanış olmaq, informasiya mübadiləsi baxımından önəmini vurğulayıb.

Görüşdə çıxış edən Fransa-Azərbaycan dostluq qrupunun üzvləri parlamentlərarası əlaqələrin inkişafı, Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.