sefir-qaley-allahverdiyev-qarabag-munaqisesinde-malayziya-azerbaycanin-terefinde-olub-musahibe

Səfir Qaley Allahverdiyev: Qarabağ münaqişəsində Malayziya Azərbaycanın tərəfində olub - MÜSAHİBƏ

“Malayziya xalqı Azərbaycanın Vətən Müharibəsindəki qalibiyyətini ədalətin zəfəri kimi, özlərinin qələbəsi kimi qəbul edib. Döyüş əməliyyatlarının gedişatı burada yaxından izlənilirdi, indi isə azad edilmiş ərazilərin bərpasına kömək etmək istəyirlər”.

Bu barədə Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev  müsahibəsində bildirib.

“Biz diplomatlar xalqımızın sevincini bölüşürük: Nəhayət, yenidən Qarabağa qayıtdıq. Ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün canlarından keçən şəhidlərimiz üçün kədərlənirik. Allah rəhmət eləsin! İndi dağıdılmış şəhərləri, viran qalmış torpaqları bərpa etmək lazımdır.

Müharibənin ilk günlərindən Malayziya xalqı Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirdi, hamı döyüş əməliyyatlarının gedişatını izlədi. Bütün media müharibə haqqında yazdı, məlumat verdi.

Mətbuatda aktiv olmuşuq. Malayziya Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyətlə əlaqədar xüsusi bəyanat verdi, Malayziya-Azərbaycan dostluq qrupunun deputatları ölkə parlamentində çıxış edərək, Azərbaycana hərtərəfli dəstəklərini ifadə etdilər”, - deyə Qaley Allahverdiyev bildirib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Malayziyanın paytaxtı Kuala Lumpur merliyi xüsusi tədbir keçirib, Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

“Kuala Lumpurda əkiz qüllələrin yerləşdiyi əsas meydanda nəhəng on metrlik lövhə var. Burada iki gün Azərbaycan bayrağı dalğalandı. Malayziyanın, ölkə xalqının Azərbaycanı necə təbrik etməsindən uzun müddət danışmaq olar. Bu yaxınlarda Malayziya hökumətinin nümayəndələri ilə görüşdüm, onlar da Azərbaycan xalqını qələbə münasibətilə təbrik etdi”.

- Azərbaycanda azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı proqram başlayır...

- Malayziyada bundan xəbərdardırlar. Burada onlar Azərbaycanı təbrik etməklə yanaşı, sərmayə qoymağa, evlərin, yolların və bütün lazımi infrastrukturun genişmiqyaslı tikintisində iştirak etməyə hazır olduqlarını bildirirlər.

Bir daha vurğulayım: Malayziya xalqı və hökuməti bizi tam dəstəkləyir. Malayziya inşaat şirkətlərinin təcrübəsi, bu ölkədən gələn investisiyalar Azərbaycan üçün faydalı olacaq. Kuala Lumpurda inşaatın tempinə baxın! Onların təcrübəsi çoxdur.

Koronavirus pandemiyası ilə bağlı vəziyyət yaxşılaşdıqdan sonra Malayziyadan böyük bir nümayəndə heyətinin Azərbaycana səfəri barədə artıq razılığımız var. Malayziyanın xidmətləri rəsmi olaraq təklif ediləcək.

Media.Az