Bu gün Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin onlayn rejimdə təşkil edilmiş ilk iclası keçirilib. İclasın gündəmində olan və əsas məsələlərdən biri də Parlament seçkilərindən sonra AŞPA Azərbaycan nümayəndə heyətinin yeni tərkibinin səlahiyyətlərinin təsdiq edilməsi idi.
Təqdim edilən nümayəndə heyətinin yeni tərkibinin səlahiyyətləri Daimi Komitə tərəfindən yekdilliklə qəbul və təsdiq edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasda çıxış edərək Azərbaycanda fevral ayında keçirilən Parlament seçkiləri, artıq bir neçə aydır dünyada tüğyan edən yeni koronavirus COVİD-19-un yayılmasının qarşısını almaq məqsədilə, eləcə də pandemiya dövründə tətbiq edilmiş karantinlə əlaqədar həyata keçirilən tədbirləri və s. məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
“Bildiyiniz kimi həm ölkə xaricində, həm də ölkə daxilində bəzi anti-Azərbaycan qüvvələr nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bu baxımdan keçirilən iclas, çox mühüm idi. Avropa Şurasının aprel sessiyası keçirilmədiyi üçün, biz açıq qalmış məsələnin həllini gözləyirdik. Bununla yanaşı bilirdik ki, Azərbaycan nümayəndə heyətinin təsdiq edilməsinə problem yaratmaq, əngəl törətmək məqsədilə Azərbaycanda keçirilmiş seçkilər, insan haqları ilə bağlı Avropa Şurasına qərəzli məktublar göndərilir. Bütün bunlara baxmayaraq iclasda Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri yekdilliklə təsdiqləndi”.
Millət vəkili qeyd etdi ki, iclasda iqtisadi cəhətdən güclü və Avropada böyük nüfuza malik olan ölkələr virusun yayılması ilə bağlı ciddi tənqid olunduğuna baxmayaraq, Azərbaycan ilə bağlı heç bir tənqidi məsələ qaldırılmadı.
“Bu isə cənab Prezidentin apardığı daxili və xarici siyasətində təsdiqini tapan islahatların nəticəsidir. Bura həm əfv fərmanları, həm cinayət məcəlləsinin hümanistləşdirilməsi, həm korrupsiyaya qarşı ciddi mübarizə, həm uzun illər müxtəlif qurumlar və qrupların siyasiləşdirməyə çalışdığı İlqar Məmmədov və Rəsul Cəfərovun işi ilə əlaqədar qəbul edilən bəraət qərarı daxildir. Həmin qərar bu, qəbildən olan qrupların cəhdinin əsassız olduğuna sübut idi.
Dünyada bütün fəaliyyət sahələrinə mənfi təsir edən pandemiya dövründə, bəzi ölkələrdə Parlamentin işində məhdudiyyətlərin yarandığı halda Azərbaycan Parlamentinin iclaslarının müntəzəm olaraq keçirilməsi, ölkədə onlayn sistemlərin daha geniş istifadə edilməsini əhatə edən qanunun qəbul edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın əhaliyə sosial yardım göstərilməsi ilə bağlı atdığı addımlar, ümumiyyətlə pandemiya ilə bağlı gözəçarpan uğurlar Azərbaycan tərəfindən söylənilən məsələlərin nəzərə alınmasına gətirib çıxardı”.
Bundan başqa Səməd Seyidov, çıxışı zamanı qeyd etdiyi məsələlərlə bağlı Azərbaycanın təcrübəsini yüksək səviyyədə qiymətləndirərək Avropa Şurasının görülən işlərə görə təşəkkür etdiyini də qeyd etdi.
“Azərbaycanda görülən işlərlə bağlı Avropa Şurasının Daimi Komitəsi təşəkkür etdi. Hesab edirəm ki, bütün bunlar birincisi, Azərbaycana Avropa Şurasında münasibətləri konstruktiv şəkildə inkişaf etdirməyə imkan verəcək, ikincisi isə qeyri-obyektiv və qərəzli mövqelərdən çıxış edən insanlara da bir ciddi mesaj olacaq”.