semed-seyidov-ermenistan-uzun-iller-azerbaycana-qarsi-mehz-fasizm-ideologiyasini-tetbiq-edib-xocalin

Səməd Seyidov: Ermənistan uzun illər Azərbaycana qarşı məhz faşizm ideologiyasını tətbiq edib, Xocalını törədib

“Dünya Ermənistanın iç üzünü dərk etməyə, başa düşməyə nə qədər tez başlasa, bir o qədər faşizm kimi xatalı və insaniyyətə qarşı ideologiyanın yayılmasının qarşısını ala bilər”.

İnsider.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, bütün dünya faşizmlə mübarizəni və faşizm üzərində qələbənin 75 illiyini qeyd etdiyi bir vaxtda, bu ideologiyanın məhv edilməsi ilə bağlı tədbirlərin görülməsinin şahidi olduğumuz halda, bu ideologiya bizim regionda bizim torpaqlarımızı işğal edən ölkə tərəfindən qəbul olunur: "Bu gün bunun şahidi oluruq. Burada yalnız söhbət kiminsə babasından getmir. Söhbət ondan gedir ki, uzun illər məhz bu ideologiyanı Ermənistan Azərbaycana qarşı tətbiq edib, torpaqlarımızı işğal edib, Xocalını törədib. Onlar bizi bütün bu faciələri yaşamağa məcbur edib”.

S. Seyidov qeyd edib ki, bu gün bu faktların açılması bir daha onlar tərəfindən faşizm ideologiyasının davam etdirildiyini sübut edir: “Ermənilərin Qaregin Njdeyə heykəl qoyması, faşistlər kimi bufer zonanın yaradılması, faşistlərin yəhudilərə soyqırım törətmək siyasətini tətbiq edərək, azərbaycanlılara qarşı Xocalını törətməsi, etnik təmizləmələri aparması həmin siyasətdir. Ən böyük xata ondan ibarətdir ki, bu gün Ermənistan faşist ideologiyasına demokratik libas geyindirib dünyaya satmaq istəyir. Bunun iç üzünü açmaq lazımdır. Bunun iç üzü həm Prezident İlham Əliyev tərəfindən beynəlxalq təşkilatlarda, həm də faktlarla indi açılmağa başlayır. Ndjeyə heykəl, baş nazirin babasının faşistlərin ən qəddar bölməsinə xidmət etməsi kimi faktlar bunu deməyə əsas verir”.

APA