semed-seyidov-isgalcinin-beynelxalq-qanuna-meydan-oxuyan-beyanati-onlari-suquta-ve-felakete-surukley

Səməd Seyidov: İşğalçının beynəlxalq qanuna meydan oxuyan bəyanatı, onları süquta və fəlakətə sürükləyəcək  

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Yerevanda keçirdiyi mətbuat konfransında  Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatına münasibətini bildirib. 

“Bildiyiniz kimi Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli yanaşma əsasında nizamlanmasını nəzərdə tutan sənəd haqqında açıqlamasından sonra  Ermənistanın xarici işlər naziri Zorab Mnatsakanyan isterik səciyyəli bir bəyanatla çıxış edib. Bu bəyanata əsas olan, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilən sənəd, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Ermənistan XİN rəhbəri Yerevanda keçirdiyi mətbuat konfransında  Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın faktiki olaraq gücsüzlüyünü göstərərək, regionda təhlükəsizliyə və sabitliyə böyük bir təhdidi özündə ehtiva etdiyini sübuta yetirdi. Faktiki olaraq, Z.Mnatsakanyan bu bəyanatla Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə çox ciddi zərbə vurmuşdur. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, Minsk qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər. 

Biz dəfələrlə münaqişənin sülh və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğumuzu desək də, dünyaya, eləcə də beynəlxalq qanuna azğın və işğalçı bir bəyanatın şahidi olduq. 

Mən bu bəyanatın hüquqi aspektlərini təhlil etmək fikrində deyiləm. Çünki bu mövqeyin nə dərəcədə beynəlxalq hüquqa zidd və cəfəngiyat xarakterli olduğunu hamı çox gözəl başa düşür. Mən bəyanatın ərsəyə gəlməsinin özü-özlüyündə bəzi beynəlxalq təşkilatların, Ermənistanı himayə edən dövlətlərin, yaxud da qurumların tamamilə məsuliyyətsiz, ikili standartlarla dolu bir siyasətin nəticəsi kimi qiymətləndirmənin labüd olduğunu qeyd etmək istəyirəm.  

Təəssüf hissi ilə deməliyəm ki, Ermənistanın apardığı siyasət ciddi qınağa çevrilməyəndə,  beynəlxalq qanunun tapdalandığı, hətta cinayətlərə hansısa formada bəraət qazandırmaq cəhdlərinin nəticəsində, bax belə məsuliyyətsiz, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan sözlərin, fikirlərin, bəyanatların meydana çıxdığını görürük. Bu gün biz hamımız regionda sabitliyin qorunması üçün çalışır, beynəlxalq qanunu bu regiona gətirmək istəyirik. 

Amma bunun üçün ölkə prezidenti İlham Əliyevin dediyi kimi,  Ermənistan dövlətinin apardığı siyasətin faktiki olaraq, insanlığa qarşı bir siyasət olduğunu dünya ictimaiyyəti başa düşməlidir. Dünya ictimaiyyəti anlamlıdır ki, Ermənistan hakimiyyəti, heç bir zaman nə insanları, nə insan hüquqlarını, nə də beynəlxalq qanunu düşünmür. 

Regionda fəaliyyət göstərən nüfuzlu, təsir imkanlarına malik dövlətlərin də mövqeyini nəzərə almadan, bu qəbildən məsuliyyətsiz bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, bütün bunlarla daha öncə dediyim kimi, Ermənistanın gücsüzlüyü və ən əsası çıxılmaz bir vəziyyətə düşdüyünü göstərir. Cənab prezidentin apardığı hücum siyasəti, Münhendə, Davosda, eləcə də digər beynəlxalq arenalarda çıxış edərkən gətirdiyi və Ermənistanın iç üzünü tam şəkildə açan faktlar, onları danışıqlar prosesinə xələl gətirməyə məcbur edir. 

Məhz bu təxribat burulğanında beynəlxalq qanunu tam şəkildə pozan bəyanata öz münasibətimizi bildirməli, heç bir ölkənin Azərbaycan ərazisində hər hansı bir qondarma rejimi yaradılmasının imkansızlığını, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunacağını bəyan etməliyik. Ölkə başçısı İlham Əliyevin dediyi kimi “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 

Ermənistan hökuməti və onun havadarları, nə qədər çox bu qəbildən olan bəyanatlar verərsə, fikir ifadə edərsə, qeyri-qanuni seçkilər keçirib beynəlxalq ictimaiyyət qarşısında özlərini ifşa edərsə, regiona sülh və əmin-amanlıq gətirmək istəyən qüvvələrə qarşı fəaliyyət göstərərsə, özlərini bir o qədər tez süquta və fəlakətə sürükləyəcəklər”.