serbiya-prezidenti-aleksandar-vucic-azerbaycana-tesekkur-edib-yenilenib-foto

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib - YENİLƏNİB + FOTO

Xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 7-də Serbiya Respublikasına səfəri çərçivəsində Prezident Aleksandr Vuçiçlə görüşü zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.

Bu barədə Azərbaycan XİN məlumat verib.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksəksəviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.

İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.

Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

14:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının rəhbəri Vladimir Orliçlə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat verir.

Onlar Azərbaycan və Serbiya parlamentləri arasında münasibətləri, eləcə də ikitərəfli əlaqələri və müxtəlif platformalarda qarşılıqlı dəstəyi müzakirə ediblər.

14:33

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

Bu barədə məlumatı Azərbaycan XİN verib.

Onlar ikitərəfli strateji əməkdaşlıq və birgə fəaliyyət məsələlərini, eləcə də regiondakı son durumu müzakirə ediblər.

12:54

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.