“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinin sonuna bir neçə ay qalmasına baxmayaraq, bu fakt şirkətlərin bir çoxunu narahat etmir. Bu əməliyyat sistemi həm istifadəçilər, həm də kiçik və böyük biznes nümayəndələri arasında çox populyardır.
İnsider.az xəbər verir ki, "Kasperski Laboratoriyası"nın araşdırmasına görə, fərdi istifadəçilərin 38%-nin kompüteri “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Kiçik firmalar seqmentində də təxminən eyni göstərici qeydə alınıb. Böyük və orta şirkətlər arasında “Windows 7” ilə işləyən kompüterlərin nüfuzetmə səviyyəsi 47% təşkil edir.
İstifadəçilərin 53%-i “Windows 10” sistemindən istifadə edir. Korporativ sektorda sözügedən sistemdən istifadə göstəricisi 47-55% arasında dəyişir.
"Kasperski Laboratoriyası"nın rəsmisi bildirib ki, dəstəklənmə müddəti bitmiş əməliyyat sistemlərindən istifadə şirkətlər üçün lazımsız kibertəhlükəsizlik riskləri yaradır.
Kibertəhlükəsizlik texnologiyası üzrə ixtisaslaşmış “Duo Security” şirkətinin məlumatına görə, “Windows 10” sistemi korporativ sektorda liderdir.
14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənməsi dayandırılır və “Microsoft” korporasiyası istifadəçilərə 900 milyon qurğuya quraşdırılmış yeni “Windows 10” sisteminə keçid haqqında xatırlatmağa davam edir.
Ancaq “Microsoft” şirkəti “Windows 7” sistemi üçün uzadılmış dəstək xidmətini – “ESU” (Extended Security Updates) təklif edəcək. Bu xidmət ödənişli olacaq və çoxlu sayda kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.