socar-yeni-potensial-terefdasla-turkiyedeki-layihesi-uzre-danisiqlara-baslayib

SOCAR yeni potensial tərəfdaşla Türkiyədəki layihəsi üzrə danışıqlara başlayıb

"SOCAR Türkiyə" Böyük Britaniyanın "Ineos" şirkəti ilə Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin ("Merkuri" layihəsi) tikintisi məsələsini müzakirə edir.

İnsider.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, "SOCAR Türkiyə" daha öncə bu layihənin icra məsələsini BP şirkəti ilə müzakirə edirdi. Lakin ötən il BP bütün neft-kimya layihələrindən çıxıb və öz aktivlərini "Ineos" şirkətinə satıb: "Bu yatırım üzrə iş ortağımız, təbii ki, əgər belə istək olarsa, "Ineos" ola bilər".

A. Məmmədov onu da qeyd edib ki, hazırda "SOCAR Türkiyə" və "Ineos" sözügedən layihə üzrə danışıqları davam etdirirlər. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər texniki işlərin bitməsi cari ilin II rübündə gözlənilir.

"İki şirkətin bir araya gəlib, bir qərarın verilməsini gözləyirik", - A. Məmmədov vurğulayıb.

Xatırladaq ki, SOCAR-la BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.

APA