2016-cı ildə ilk insanabənzər “Sophia” robotunu təqdim edən Honkonqun “Hanson Robotics” robot texnikası şirkəti hazırda onun kütləvi istehsalı mərhələsinə keçir.
2021-ci ilin birinci rübündə ilk mərhələdə dörd “Sophia” robotunun buraxılışı nəzərdə tutulur. Şirkətin təsisçisi və icraçı direktoru Devid Henson bildirib ki, pandemiya dövründə dünyada insanların təhlükəsizliyinin təmini üçün avtomatlaşdırmaya daha çox ehtiyac yaranacaq.
Robotların artıq səhiyyə və çatdırılma sahəsində istifadəsinə baxmayaraq şirkət rəhbəri hesab edir ki, pandemiya ilə mübarizə üçün robotlaşdırılmış həllər səhiyyə ilə məhdudlaşmır. Onun sözlərinə görə, robotlar müxtəlif sahələrdə, o cümlədən ticarətdə kömək edə bilərlər.
D.Henson bəyan edib ki, şirkətin robotları insanlara çox bənzəyir ki, bu da insanların sosial izolyasiya dövrü və tənha qalması vaxtı üçün faydalıdır. O, şirkətin 2021-ci ildə min robot satmaqla bağlı planlarının olduğunu açıqlayıb.
“Sophia” robotu üzərində çalışan sosial robot texnikası professoru Yohan Hornun sözlərinə görə, hazırda texnologiya ilkin mərhələdə olsa da, pandemiya insanlar və robotlar arasında münasibətlərin qurulmasını sürətləndirə bilər.
ICTnews