Azərbaycanda telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətə cavablandırılmamasına görə cəzalar müəyyənləşdirilir.
İnsider.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilir.
Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manardan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq.
Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.
Qeyd edək ki, “Telekommunikasiya haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim edilməlidir.
Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilmlidir.