space-x-sirketinin-yegane-reqibinin-esas-sehvi-aciqlandi

“Space X” şirkətinin yeganə rəqibinin əsas səhvi açıqlandı

“Space X” şirkətinin yeganə real rəqibi olan “Blue Origin”in əsas səhvi məhz kadr siyasətində olub.

“Ars Technica”nın məlumatına görə, bu barədə Bred Stounun dünyanın ən varlı adamına həsr etdiyi “Amazon Unbound: Jeff Bezos and the Invention of a Global Empire” (“Amazon Unbound: Ceff Bezos və Qlobal imperiyanın ixtirası”) kitabında bildirilib.

Nəşrdə qeyd olunur ki, Ceff Bezos “Blue Origin” şirkətinə rəhbərlik etmək üçün 2016-cı ildə “SpaceX”in prezidenti və əməliyyat direktoru Qvinn Şotvelli çağırıb. Lakin Şotvell bundan imtina edib. Şotvellin imtinasından sonra bu vəzifəyə “Honeywell Aerospace” şirkətindən Bob Smit təyin olunur.

Stounun fikrincə, “Blue Origin”in “Space X”dən geri qalmasının əsas səbəbi də bu olub.

“Smit komandasına qoşulmaq üçün inqilabi dəyişikliklərə meyilli olanları deyil, daha çox ənənəvi kosmos yanaşmaları olan şirkətlərdən insanları işə cəlb edib. Onun bir çox yüksək vəzifəli işçiləri “Raytheon”, “Boeing”, “Lockheed Martin”, “Northrop Grumman”, “Rolls-Royce” kimi aerokosmik və nüfuzlu şirkətlərdəndir. Bu liderlər Smit ilə birlikdə daha sürətli inkişaf üçün şüurlu risq qəbulunu deyil, ehtiyatlılıq mədəniyyətini inkişaf etdirdilər”, - deyə Stoun bildirib.