susa-gelen-il-ucun-islam-dunyasinin-medeniyyet-paytaxti-elan-edildi-yenilenib-foto

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi - YENİLƏNİB + FOTO

Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən islam sivilizasiyasının simvollarından biri olub.

2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Daha sonra tədbirdə Şuşa ilə bağlı videoçarx nümayiş olunub.

Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

 

13:26

25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb.

Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib.

Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.

Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxtı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Konfransda, həmçinin, Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.

Report