Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası kçirilib.
Birgə iclasda müzakirəyə çıxarılan qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.
Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə ve ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.
Bundan əlavə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.
Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı tələblər artırılıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
12:00
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilir.
Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.
Report