Ötən gün Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilərkən həmkarı Tahir Kərimli çıxış üçün söz almışdı və “polisin yiyəsi var, deputatın isə yiyəsi yoxdur” ifadələrini işlətmişdi.
Tahir Kərimlinin bu çıxışına ən sərt cavab isə Milli Məclisin sədri Sahibə Qafarovadan gəlmişdi: “Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!”
Ölkə ictimaiyyətini maraqlandıran suallardan biri də budur: Həmin 10 dəqiqəlik səs yazısında nələr var idi?
Publika.az-ın əməkdaşı millət vəkili Tahir Kərimli ilə əlaqə saxlayıb. 10 dəqiqəlik səs yazısının təfərrüatını öyrənməyə çalışıb. Deputatın iclas bitdikdən sonra sədrin kabinetində həmin səs yazısını dinləyib-dinləmədiyini öyrənməyə çalışıb. Deputat Tahir Kərimlinin bununla bağlı açıqlaması qısa və konkret olub:
“Mən bu məsələdə öz ziyanıma susuram. Xahiş edirəm, danışmaq istəmirəm”.