“Telegram” messenceri yaxın günlərdə istifadəçilərə telefon nömrəsini gizlətmək imkanı verəcək yenilənməni buraxacaq.
İnsider.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Agentliyin mənbəsinin məlumatına görə, yeni funksiya Honkonqdakı etirazçılara şəxsiyyətlərini hakimiyyətdən gizlətməyə imkan vermək üçün tətbiq edilir.
Hazırda “Telegram” messencerə öz telefon kontaktını yükləyərək digər insanları axtarmağa icazə verir. Messencer istifadəçinin bağlantılarından artıq sistemdə kimin qeydiyyatdan keçdiyini avtomatik göstərir.
Bəzi etirazçılar əmindirlər ki, hakimiyyət bu funksiyanı telefon nömrələrinin məlumat bazasını yükləyərək fəalları aşkar etmək üçün istifadə edir. Güc strukturları kontaktları müxalifət qruplarında olanlarla tutuşdurub yoxlayır və nömrələr üst-üstə düşdükdə, yerli mobil operatordan məlumatları istəyib nömrə sahiblərini müəyyən edirlər.
Samirə Məmmədova