tesla-ve-spacex-in-sirketleri-kaliforniyadan-texasa-kocurulur

“Tesla” və “SpaceX”in şirkətləri Kaliforniyadan Texasa köçürülür

“Bloomberg” agentliyi yazır ki, “Tesla” və “SpaceX”in şirkətlərinin qurucusu, dünyanın ən varlı insanları siyahısında ikinci yeri tutan Elon Mask texnoloji şirkətlərin mərkəzi sayılan Kaliforniyadan ayrılaraq rəhbərlik etdiyi müəssisələri Texasa köçürdüyünü bildirib.

Bundan başqa, amerikalı sahibkar bərpaolunan enerji, kosmik axtarışlar, süni intellekt və elm-təhsil kimi sahələrdə fəaliyyət göstərən “Elon Mask” fondunu da Texasa köçürdüyünü açıqlayıb.

O, “Wall Street Journal”a açıqlamasında hazırda davam etdirdiyi iki böyük layihədən birinin Texasın cənubunda kosmik gəminin hazırlanması, digərinin isə “Tesla” üçün yeni zavodun tikintisi olduğunu deyib.

Milyarder bu qərarını Kaliforniyada vaxtdan səmərəli istifadə edə bilmədiyi ilə əlaqələndirsə də, təhlilçilər belə bir addımın atılmasını ABŞ-ın ayrı-ayrı əyalətlərinin vergi sistemləri arasındakı fərqlə əlaqələndirirlər.

Texasda fərdi vergi yığılmadığı halda, Kaliforniya ABŞ-da vergilərin ən yüksək olduğu yerdir.

49 yaşlı E.Mask milyarderlər siyahısının ilk onluğuna ilk dəfə bu il düşüb. “Bloomberg milyarderlər indeksi”nə görə, “Tesla” səhmlərinin bu il 670 faiz bahalaşması sayəsində E.Maskın sərvəti 27 milyard dollardan 155 milyard dollara yüksəlib.