tibbi-tullantilarin-idare-edilmesine-dair-emr-imzalandi-foto

Tibbi tullantıların idarə edilməsinə dair əmr imzalandı - FOTO

Tibbi tullantıların effektiv idarəçiliyi və bu sahədə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminin inkişafı ilə bağlı davamlı islahatlar və mütərəqqi idarəetmə mexanizmləri tətbiq edilməkdədir.

“Tibb müəssisələrində yeni kliniki tədqiqat metodlarının aktiv tətbiqi, əhalinin sağlamlığı, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi və sanitariya-epidemioloji vəziyyətin ətraflı təhlili Səhiyyə Nazirliyinin prioritet məsələlərindəndir”, - deyə Teymur Musayev qeyd edib.

Nazir həmçinin tibb müəssisələrində personalın tibbi tullantıların idarə edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bilik və bacarıqlarının artırılması üçün birgə təlimlərin təşkilinin zəruriliyini bildirib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə görüləcək yenidənqurma işlərində tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin təşkilinin vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə öz çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir. Nazirlik tərəfindən tibbi tullantıların uçotunun aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Son dövrlər tibbi tullantıların çeşidlənməsi sağlam ekoloji mühitin formalaşmasında müsbət tendensiya kimi müşahidə edilir.

Tədbirdə birdəfəlik tibbi alət və ləvazimatlardan geniş istifadə edilməsi, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi mövzularında təqdimatlar edilib.

Sonra “Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi barədə” birgə Əmr imzalanıb.

Əmrə əsasən, tərkibində əhalinin sağlamlığı, ekoloji və sanitariya vəziyyəti üçün təhlükə yaradan infeksion və digər materiallar olan tibbi tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyətin təhlili və bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə birgə İşçi Qrup yaradılıb.

Sənəddə ölkədə tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin, tibb müəssisələrində tibbi tullantıların idarə olunması və qanunvericiliyin təhlili, tibbi tullantıların zərərsizləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi, ictimaiyyətin maarifləndirilməsi işlərinin görülməsi əks olunub.

Eyni zamanda, tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair yol xəritəsi layihəsinin hazırlanması istiqamətində müvafiq tədbirlərin yekunlaşdırılması nəzərdə tutulub.